Dövlət orqanlarında vakant - Daxili müsahibə

13:15 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 24-də 6 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına aid olan 7 vakant vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Hafta.az-a bildirilib ki, müsahibəyə çıxarılan vəzifələrdən 1-i inzibati vəzifələrin ikinci, 5-i üçüncü, 1-i isə dördüncü təsnifatına aiddir. Vakant vəzifələr arasında ən yüksək vəzifə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu mexanizm vətəndaşların rahatlığının təmin edilməsinə, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, habelə DİM-in təqdim etdiyi xidmətlərin daha əlçatan olmasına şərait yaradır.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir. Müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 24-dən avqustun 7-si saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı dolduraraq qeydiyyatdan keçməlidirlər.